“City & Guilds” NVQ 5-cü Səviyyə – Diplom – Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi

“TCS” şirkətinin təqdim etdiyi Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə 5-ci səviyyə NVQ kvalifikasiyaları “City & Guilds” kvalifikasiya komissiyası tərəfindən akkreditasiya edilib.
NVQ təlim kursu deyil və burada imtahan yoxdur.
NVQ kvalifikasiyasına yiyələnmək üçün siz tələb olunan peşəkar səriştə səviyyəsinə uyğun olduğunuzu sübut edən məlumat portfeli hazırlayırsınız – bu məlumat portfeli sizin bilik və bacarıqlarınızdan (əmək təcrübənizdən) ibarət olmalıdır. Buna görə də tələb olunan məlumatları hazırlamaq üçün siz iş yerinə daxil olmalısınız.
Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə sinif otağında təşkil olunan ənənəvi təlim kurslarından fərqli olaraq, NVQ kvalifikasiyası istehsalatdan ayrılmadan (iş yerində) təşkil olunur və gündəlik fəaliyyətləriniz haqqında məlumat toplamağı tələb edir. Bu isə o deməkdir ki, namizədlər onlara bu məlumatları təqdim etməyə imkan verən vəzifədə çalışmalıdırlar. Güman ki, bu namizədlər artıq müəyyən təcrübə qazanmış şəxslər olacaq və onlar peşə sağlamlığı / texniki təhlükəsizlik üzrə rəhbər vəzifə tutmalı və öz təşkilatlarının peşə sağlamlığı / əməyin təhlükəsizliyi üzrə siyasət və təcrübələrinə təsir edə bilməlidirlər.

Siz NVQ kvalifikasiyasına istənilən vaxt başlaya bilərsiniz. Bir qayda olaraq, bu proses maksimum 18 ay davam edir.
NVQ bütün dünyada geniş tanınan kvalifikasiya dərəcəsidir.
 
Bu kvalifikasiya kim üçün nəzərdə tutulub?
Bu kvalifikasiya iş yerində peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə standart təcrübənin lazımı qaydada idarə edilməsi sahəsində öz bacarıq və biliklərini artırmaq istəyən namizədlər üçün nəzərdə tutulub. Onlar öz təşkilatlarında peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə siyasət və təcrübənin idarə edilməsi sahəsində müstəqil qərar qəbul edən vəzifə sahibi olacaqlar. Namizədlər birbaşa ali rəhbərliyə tabe olacaq və ya ali rəhbərliyin tərkib hissəsi kimi fəaliyyət göstərəcəklər. Onlar öz vəzifələrinə aid olan dəyişiklikləri tövsiyə və tətbiq edəcəklər. Namizədlər nəzərdə tutulmayan məsrəflərdən və büdcəyə nəzarətdən məlumatlı olacaqlar.
 
Bu kvalifikasiya nələri ehtiva edir?
Bu kvalifikasiya namizədlərə peşə sağlamlığı və əməyin təhlükəsizliyi sektorunda məşğulluq və / yaxud karyera yüksəlişi baxımından tələb olunan bacarıqların öyrənilməsi, inkişaf etdirilməsi və tətbiqi üçün şərait yaradır.
  
5-ci səviyyə NVQ  diplomunun təmin etdiyi faydalar
Namizədlər üçün – məşğulluq, “IOSH” kvalifikasiyaları üzrə mütəxəssis, ali təhsil. “CMIOSH” üzvlüyünə alternativ yoludur.
611-ci bəndi (peşə sağlamlığı və əməyin təhlükəsizliyi sahəsində peşəkar inkişaf və etik davranış normaları)  tamamlayan namizədlər “IOSH” məzun üzvlüyü (GradIOSH) alacaqlar. Namizədlər məzun üzvlüyündən sonra açıq qiymətləndirmə və müsahibə yolu ilə diplomlu üzvlük (CMIOSH) ala bilərlər.
Namizədlər assosiativ üzvlük üçün Beynəlxalq risk və əməyin təhlükəsizliyi idarə olunması institutuna (IIRSM) müraciət edə bilərlər.

Qəbul tələbləri
NQV kvalifikasiyası ilə bağlı hər hansı rəsmi qəbul tələbi mövcud deyil, lakin:
Peşə sağlamlığı və əməyin təhlükəsizliyi sahəsində digər kurslarda iştirak üstünlük sayılır.
Siz ingilis dilini qabaqcıl səviyyədə bilməlisiniz.
Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə rəhbər vəzifə tutmalı, öz təşkilatınızda peşə sağlamlığı və əməyin təhlükəsizliyi siyasət və təcrübələrinə təsir edə bilməlisiniz.

Yaş məhdudiyyəti
“City & Guilds” komissiyası 19 yaşına çatmayan şəxsləri bu kvalifikasiya üçün qəbul etmir.

Struktur
5-ci səviyyə NVQ diplomunu almaq üçün namizədlər 11 icbari bəndi tamamlamalıdırlar:
402  Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə səmərəli məlumatlandırma sistemlərini hazırlamaq və tətbiq etmək;
510  İş yerində peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə müsbət mədəniyyəti təşviq etmək;
511  Peşə sağlamlığı və əməyin təhlükəsizliyi sahəsində fərdi və təşkilati hazırlığı artırmaq və dəstəkləmək;
512  Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə riskləri idarə etmək;
513  Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə qabaqlayıcı nəzarət sistemlərini hazırlamaq və tətbiq etmək;
514  Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə cavab tədbirlərini ehtiva edən nəzarət sistemlərini hazırlamaq və tətbiq etmək;
515  Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə fövqəladə hallar zamanı cavab tədbirləri sistemlərini və prosedurlarını hazırlamaq və tətbiq etmək;
516  Peşə sağlamlığı və əməyin təhlükəsizliyi məsələlərinə baxış sistemlərini hazırlamaq və tətbiq etmək;
517  Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə audit yoxlamasını hazırlamaq və tətbiq etmək;
518  İş yerində davranış təhlükəsizliyi;
610  Peşə sağlamlığı və əməyin təhlükəsizliyi siyasətini hazırlamaq və tətbiq etmək.

“IOSH” məzun üzvlüyü (Graduate Membership) statusu
“IOSH” məzun üzvlüyü statusunu almaq üçün namizədlər aşağıdakı bəndi də tamamlamalıdırlar:
611  Peşə sağlamlığı və əməyin təhlükəsizliyi sahəsində peşəkar inkişaf və etik davranış normaları.

Seçim əsaslı bəndlər
Aşağıdakı bəndlər seçim əsaslı bəndlərdir və namizədlərin peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə konkret sahələrdə hazırlıqlarını nümayiş etdirmələrinə imkan verir. Bu bəndlərdən hər hansı birini və ya bir neçəsini öz diplomuna əlavə etməkdə maraqlı olan və ya əlavə məlumat almaq istəyən namizədlər şirkəti bu barədə məlumatlandırmalıdırlar.
519  Peşə sağlamlığı və əməyin təhlükəsizliyi təcrübəsi sahəsində təsirin təkmilləşdirilməsi;
520  Şirkətin peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə strategiyasını hazırlamaq, tətbiq etmək və nəzərdən keçirmək;
521  Şirkətin peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə hüquqi tədbirlərinə töhfə vermək;
522  Peşə sağlamlığı və əməyin təhlükəsizliyiməsələlərinə riayət olunmasını təmin etmək məqsədi ilə podratçıları idarə etmək;
523  Peşə sağlamlığı və əməyin təhlükəsizliyi barədə tanışlıq prosesini hazırlamaq və tətbiq etmək.

Namizədlər bu bəndləri (öz cari layihə və iş həcmlərinə uyğun şəkildə) istənilən ardıcıllıqla tamamlaya bilərlər.
İlkin qiymətləndirmə
“City & Guilds” kvalifikasiya komissiyasının NVQ sertifikatına namizəd olan şəxslərin  siyahısına daxil edilmək üçün siz (kursa qəbul olunmazdan əvvəl) qısa özünüqiymətləndirmə anketini (“Skill Scan”) doldurmalısınız. Suallar NVQ bəndlərinin əsasında hazırlanıb və NVQ kvalifikasiyasının sizə uyğun olub olmadığını (əgər uyğundursa, konkret olaraq hansının uyğun olduğunu) müəyyənləşdirməkdə “TCS” şirkətinə kömək edəcək. Həmçinin bu anket sayəsində siz hər hansı səriştə çatışmazlığını, çətinlik çəkə biləcəyiniz sahələri, eləcə də məlumat toplamağa başlamaq üçün ən münasib sahələri müəyyən edə biləcəksiniz.
Eyni zamanda, bu anket sayəsində “TCS” şirkəti:

  • hər hansı konkret təlimə ehtiyacınızın olub olmadığını;
  • kvalifikasiyaya  aid olmaq şərti ilə tamamlamış olduğunuz hər hansı bəndin və ya topladığınız balın mövcudluğunu  müəyyənləşdirə biləcək.

Qiymətləndirmə prosesi
Vaxt məhdudiyyəti:
Siz qiymətləndirməni qeydiyyat müddəti ərzində tamamlamalısınız. Bir qayda olaraq, bu proses maksimum 18 ay davam edir.

Proses:
NVQ  kvalifikasiyaları peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə əsas mövzuları ehtiva edən bəndlərə bölünür və hər bəndin öz qiymətləndirmə meyarı var. Siz bu meyarlara uyğun olduğunuzu sübut etmək üçün məlumat toplamalısınız. Biz sizin üçün NVQ üzrə qiymətləndirici-mütəxəssis təyin edəcəyik və o, nə etməli olduğunuzu və hansı məlumatları toplayacağınızı izah edəcək. Şəxsi qiymətləndiriciniz düzgün məlumatları toplamaqda sizə kömək etmək məqsədi ilə tapşırıqlar verə bilər.
Məlumatların hamısını siz özünüz hazırlamalısınız (bir qayda olaraq, bu cür məlumatlar sənəd, video, fotoşəkil, şahid ifadələri və s. ibarət olur).

İşinizin nəticəsi:

  • Tərəfinizdən aparılan risk qiymətləndirmələri
  • Tərəfinizdən hazırlanmış və / yaxud həyata keçilmiş peşə sağlamlığı və əməyin təhlükəsizliyi təlimi
  • Tərəfinizdən həyata keçilmiş peşə sağlamlığı və əməyin təhlükəsizliyi yoxlamalarının nəticələri
  • Tərəfinizdən aparılmış qəza araşdırmalarının nəticələri / yekunları və s.

Bunlar təqdim edə biləcəyiniz məlumatların sadəcə nümunələridir və yekun siyahı deyil.
Siz aşağıdakı üsullarla qiymətləndirilə bilərsiniz:

  • İxtisaslı qiymətləndirici tərəfindən işin birbaşa müşahidəsi və ya peşə fəaliyyəti ilə bağlı olan konkret bəndlər üzrə şahid-ekspert tərəfindən;
  • Məlumatların qiymətləndirici-mütəxəssis tərəfindən yoxlanılması;
  • Qiymətləndirici-mütəxəssis tərəfindən sorğu-sual və ya şahidlik.

“TCS” şirkəti sizin üçün münasib olan istənilən yerdə və vaxtda (həftənin 7 günü 24 saat ərzində) məlumatlarınızı (İnternetə) yükləmək üçün e-Portfel sistemini təklif edir. Siz öz məlumatlarınızı yüklədikdən sonra qiymətləndiriciniz həmin məlumatları “onlayn” rejimində nəzərdən keçirərək qiymətləndirəcək. Siz tələb olunan sayda bəndi tamamlaya bilsəniz  (nailiyyətiniz həm daxili, həm də kənar yoxlayıcılar tərəfindən təsdiq olunduqdan sonra) sizə NVQ sertifikatı təqdim ediləcək.

Qiymət
Bu kvalifikasiya üçün kafi / qeyri-kafi qiyməti verilir.

Sertifikatlaşdırma
NVQ tələblərini yerinə yetirdikdən sonra namizədlərə Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə “City & Guilds” şirkəti tərəfindən akkreditasiya olunmuş 5-ci səviyyə NVQ diplomu veriləcək. Ayrıca sertifikatda “NVQ” Əməyin mühafizəsi və əməyin təhlükəsizliyi proqramının tərkib hissəsi kimi tamamlanmış bütün fərdi bəndlər haqqında məlumat veriləcək.

Necə müraciət etməli:
Təlim mərkəzi tərəfindən təyin edilmiş kursa yazılmaq üçün “skill scan” anketini doldurmağınız xahiş olunur.

5-ci səviyyə NVQ diplomu üçün “Skill Scan” anketi
Siz “Skill Scan” anketini doldurduqdan sonra, anketin nəticələri təlim mərkəzi tərəfindən qiymətləndiriləcək və əlavə tövsiyələr vermək üçün sizinlə əlaqə saxlanılacaq. “Skill scan” anketi üzrə yoxlamadan keçə bilməyən şəxslərə (NVQ sertifikatına namizədlərin siyahısına daxil edilməzdən əvvəl) əlavə təlim tövsiyə olunacaq.
Biz NVQ kvalifikasiya dərəcəsinin sizin üçün uyğun olduğuna əmin olmamış, sizdən heç bir ödəniş tələb etməyəcəyik.

Qeydiyyat formu

Daha çox təlim