“City & Guilds” NVQ Səviyyə 6 Diplom – Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi

NVQ təlim kursu deyil və burada imtahan yoxdur. NVQ kvalifikasiyasına yiyələnmək üçün siz tələb olunan peşəkar səriştə səviyyəsinə uyğun olduğunuzu sübut edən məlumat portfeli hazırlayırsınız – bu məlumat portfeli sizin bilik və bacarıqlarınızdan (əmək təcrübənizdən) ibarət olmalıdır. Buna görə də tələb olunan məlumatları hazırlamaq üçün siz iş yerinə daxil olmalısınız.
Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə sinif otağında təşkil olunan ənənəvi təlim kurslarından fərqli olaraq, NVQ kvalifikasiyası iş yerinizə bağlıdır və gündəlik iş fəaliyyətiniz əsasında məlumat toplamağı tələb edir. Bu isə o deməkdir ki, namizədlər onlara bu məlumatları təqdim etməyə imkan verən vəzifədə çalışmalıdırlar. Namizədlər artıq müəyyən təcrübə qazanmış şəxslər olacaq və onlar peşə sağlamlığı / texniki təhlükəsizlik üzrə rəhbər vəzifə tutmalı və öz təşkilatlarının peşə sağlamlığı/əməyin təhlükəsizliyi üzrə siyasət və sistemlərinə təsir edə bilməlidirlər.
Siz NVQ kvalifikasiyasına istənilən vaxt başlaya bilərsiniz. Bir qayda olaraq bu proses maksimum 24 ay davam edir.
Kvalifikasiya kim üçün nəzərdə tutulub?
Bu kvalifikasiya iş yerində peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə standart təcrübənin lazımı qaydada idarə edilməsi sahəsində öz bacarıq və biliklərini artırmaq istəyən namizədlər üçün nəzərdə tutulub. Onlar öz təşkilatlarında peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə siyasət və təcrübənin idarə edilməsi sahəsində müstəqil qərar qəbul edən vəzifə sahibi olacaqlar. Namizədlər birbaşa ali rəhbərliyə tabe olacaq və ya ali rəhbərliyin tərkib hissəsi kimi fəaliyyət göstərəcəklər. Onlar öz vəzifələrinə aid olan dəyişiklikləri tövsiyə və tətbiq edəcəklər. Namizədlər nəzərdə tutulmayan məsrəflərdən və büdcəyə nəzarətdən məlumatlı olacaqlar.
Kvalifikasiya nələri ehtiva edir?
Bu kvalifikasiya namizədlərə peşə sağlamlığı və əməyin təhlükəsizliyi sektorunda məşğulluq və / yaxud karyera yüksəlişi baxımından tələb olunan bacarıqların öyrənilməsi, inkişaf etdirilməsi və tətbiqi üçün şərait yaradır.
Kvalifikasiya hansı akkreditasiyalara sahibdir?
Bu kvalifikasiya dünyada peşə sağlamlığı və əməyin təhlükəsizliyi professionallarının aparıcı təşkilatı olan IOSH tərəfindən akkreditasiya edilmişdir.
Bu o deməkdir ki, namizədlər IOSH üzvlüyünə müraciət edə bilirlər və proqram müddətində “Student membership”, proqramı müvəffəqiyyətlə bitirib sertifikat aldıqları təqdirdə isə artıq “İOSH Graduate Membership” üzvlük imkanı əldə etmiş olurlar. 
IOSH dünyada peşə sağlamlığı və əməyin təhlükəsizliyi peşəkarlarına “Chartered Membership” təklif edən yeganə təşkilat olub, üzvlərə ən yüksək peşəkarlıq standardlarına çatmağa və beynəlxalq dərəcədə tanınmağa kömək edir.
Bu kvalifikasiya həmçinin Pro skills UK və digər akkreditasiya orqanları ilə birgə hazırlanmışdır.
Hansı gələcək inkişaf imkanları mümkündür?
Bu kvalifikasiya namizədlərə məşğulluq, təhsilin daha yüksək pilləsinə, idarəetmə kvalifikasiyalarına və ya İOSH tərəfindən təklif olunan digər kvalifikasiyalara keçid imkanı verir.
Qəbul tələbləri
NQV kvalifikasiyası ilə bağlı hər hansı rəsmi qəbul tələbi mövcud deyil, lakin:
•     Peşə sağlamlığı və əməyin təhlükəsizliyi sahəsində digər kurslarda iştirak üstünlük sayılır.
•     Siz ingilis dilini qabaqcıl səviyyədə bilməlisiniz
•     Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə rəhbər vəzifə tutmalı, öz təşkilatınızda peşə sağlamlığı və əməyin təhlükəsizliyi siyasət və təcrübələrinə təsir edə bilməlisiniz.
Yaş məhdudiyyəti
“City & Guilds” 19 yaşına çatmayan şəxsləri bu kvalifikasiya üçün qəbul etmir.
Struktur
Səviyyə 6 NVQ diplomunu almaq üçün namizədlər 7 icbari bəndi tamamlamalıdırlar:

601 Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə fövqəladə hallar zamanı cavab tədbirləri prosedurları
602 Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə audit yoxlaması
603 İş yerində peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə müsbət mədəniyyət
604 Təşkilatın Peşə sağlamlığı və əməyin təhlükəsizliyi siyasəti
605 Peşə sağlamlığı və əməyin təhlükəsizliyi sahəsində peşəkar inkişaf və etik davranış normaları
606 Nəzarət sistemləri və risk idarəetməsi
607 Təşkilatın peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə strategiyası
605 Peşə sağlamlığı və əməyin təhlükəsizliyi sahəsində peşəkar inkişaf və etik davranış normaları bəndinin tamamlanması üçün məlumat toplanmasının 12 ay müddətində həyata keçirilməsi tələb olunur.
Namizədlər bu bəndləri (öz cari layihə və iş həcmlərinə uyğun şəkildə) istənilən ardıcıllıqla tamamlaya bilərlər.

İlkin qiymətləndirmə
“City & Guilds” kvalifikasiya komissiyasının NVQ sertifikatına namizəd olan şəxslərin  siyahısına daxil edilmək üçün siz (kursa qəbul olunmazdan əvvəl) qısa özünüqiymətləndirmə anketini (“Skill Scan”) doldurmalısınız. Suallar NVQ bəndlərinin əsasında hazırlanıb və NVQ kvalifikasiyasının sizə uyğun olub olmadığını (əgər uyğundursa, konkret olaraq hansının uyğun olduğunu) müəyyənləşdirməkdə “TCS” şirkətinə kömək edəcək. Həmçinin bu anket sayəsində siz hər hansı səriştə çatışmazlığını, çətinlik çəkə biləcəyiniz sahələri, eləcə də məlumat toplamağa başlamaq üçün ən münasib sahələri müəyyən edə biləcəksiniz.
Eyni zamanda, bu anket sayəsində “TCS” şirkəti:
•    hər hansı konkret təlimə ehtiyacınızın olub olmadığını,
•    kvalifikasiyaya  aid olmaq şərti ilə tamamlamış olduğunuz hər hansı bəndin və ya topladığınız balın mövcudluğunu  müəyyənləşdirə biləcək.
Qiymətləndirmə Prosesi
Vaxt məhdudiyyəti:

Siz qiymətləndirməni qeydiyyat müddəti ərzində tamamlamalısınız. Bir qayda olaraq, bu proses maksimum 24 ay davam edir.
Proses:
NVQ  kvalifikasiyaları peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə əsas mövzuları ehtiva edən bəndlərə bölünür və hər bəndin öz qiymətləndirmə meyarı var. Siz bu meyarlara uyğun olduğunuzu sübut etmək üçün məlumat toplamalısınız. Biz sizin üçün NVQ üzrə qiymətləndirici-mütəxəssis təyin edəcəyik və o, nə etməli olduğunuzu və hansı məlumatları toplayacağınızı izah edəcək. Şəxsi qiymətləndiriciniz düzgün məlumatları toplamaqda sizə kömək etmək məqsədi ilə tapşırıqlar verə bilər. Məlumatların hamısını siz özünüz hazırlamalısınız (bir qayda olaraq, bu cür məlumatlar sənəd, video, fotoşəkil, şahid ifadələri və s. ibarət olur). İşinizin nəticəsi:
•     Tərəfinizdən aparılan risk qiymətləndirmələri
•     Tərəfinizdən hazırlanmış və / yaxud həyata keçilmiş peşə sağlamlığı və əməyin təhlükəsizliyi təlimi
•     Tərəfinizdən həyata keçilmiş peşə sağlamlığı və əməyin təhlükəsizliyi yoxlamalarının nəticələri
•     Tərəfinizdən aparılmış qəza araşdırmalarının nəticələri / yekunları və s.
Bunlar təqdim edə biləcəyiniz məlumatların sadəcə nümunələridir və yekun siyahı deyil.
Siz aşağıdakı üsullarla qiymətləndirilə bilərsiniz:
•     İxtisaslı qiymətləndirici tərəfindən işin birbaşa müşahidəsi və ya peşə fəaliyyəti ilə bağlı olan konkret bəndlər üzrə şahid-ekspert tərəfindən;
•     Məlumatların qiymətləndirici-mütəxəssis tərəfindən yoxlanılması;
•     Qiymətləndirici-mütəxəssis tərəfindən sorğu-sual və ya şahidlik.
ELS e-learning platformasından istifadə edərək siz sizin üçün münasib olan istənilən yerdə və vaxtda (həftənin 7 günü 24 saat ərzində) məlumatlarınızı yükləyə biləcəksiniz. Siz öz məlumatlarınızı yüklədikdən sonra qiymətləndiriciniz həmin məlumatları “onlayn” rejimdə nəzərdən keçirərək qiymətləndirəcək. Siz tələb olunan sayda bəndi tamamlaya bilsəniz  (nailiyyətiniz həm daxili, həm də kənar yoxlayıcılar tərəfindən təsdiq olunduqdan sonra) sizə NVQ sertifikatı təqdim ediləcək. 
Qiymət
Bu kvalifikasiya üçün kafi / qeyri-kafi qiyməti verilir.
Sertifikatlaşdırma
NVQ tələblərini yerinə yetirdikdən sonra namizədlərə Peşə sağlamlığı və əməyin təhlükəsizliyi üzrə “City & Guilds” şirkəti tərəfindən akkreditasiya olunmuş NVQ səviyyə 6 diplomu veriləcək. Ayrıca sertifikatda “NVQ” Əməyin mühafizəsi və əməyin təhlükəsizliyi proqramının tərkib hissəsi kimi tamamlanmış bütün fərdi bəndlər haqqında məlumat veriləcək.

                  

         

Qeydiyyat formu

Daha çox təlim