Təlim şirkəti necə seçilməli?

Təlim şirkəti necə seçilməli?

04 Nov 2021

Təlim-tədris hər zaman aktual olan bir mövzudur. Təlimin və təlim-tədris şirkətinin seçilməsi zamanı baş verən yanlışlıqlar sonda istənilən nəticənin əldə olunmamasına gətirib çıxarır. Bir təlim-tədris şirkətinin/müəssisəsinin seçilməsi üçün əsas vacib olan tələbləri üç mərhələdə ümumiləşdirə bilərik:

  1. Təlim və tədris ehtiyaclarına uyğun olması
  2. Keyfiyyət
  3. Təlimin qiyməti

Mərhələ 1. Təlim və tədris ehtiyaclarına uyğunluq dedikdə nə nəzərdə tutulur?

Fərdin bu təlim-tədris prosesi üçün nəzərdə tutduğu hədəflə təlim tədris şirkətinin ona təklif etdiyi məhsul/son nəticənin eyni olması. Ona görə də birinci və ən önəmlisi fərdin bu təlim-tədris hədəflərini, gözləntilərini düzgün müəyyən etməlidir. Təlimdən gözləntilər aşağıdakılar ola bilər:

  • Müəyyən mövzu/sahə haqqında məlumatlanmaq
  • Müəyyən sahə üzrə (mövcud) bilikləri artırmaq
  • Müəyyən sahə üzrə ixtisaslaşmaq
  • Müəyyən sahə üzrə yerli/xarici sertifikat/diplom əldə etmək

Sonrakı mərhələdə fərd maraqlı sahə/mövzu üzrə ixtisaslaşmış hesab edilən təlim-tədris müəssisəsələrini müəyyənləşdirməli, onlar arasında hədəfinə uyğun məhsul təklif edə bilənləri seçməlidir. Əgər hədəf beynəlxalq sertifikatdırsa, ancaq seçilən təlim-tədris müəssisəsi ancaq məlumatlandırma səviyyəsində bilik verirsə, bu zaman yaranan uyğunsuzluq pul və vaxt itkisinə səbəb olur.

Qeyd: Əgər təlim/təhsil gözləntilərinizi müəyyənləşdirməkdə çətinlik çəkirsinizsə, və ya hədəfinizi düzgün seçdiyinizdən əmin deyilsinizsə, mütəxəssisə/konsultanta müraciət etməyiniz məsləhətdir, bu elə təlim-tədris şirkətinin özü də ola bilər.

Mərhələ 2 Keyfiyyət

Uyğun müəssisələr seçildikdən sonra fərd seçdiyi şirkətləri keyfiyyət baxımından analiz etməlidir. Təlim-tədris şirkətinin keyfiyyəti özündə aşağıdakıları ehtiva edir:

  • Müvafiq təlim növü üzrə yerli və/və ya beynəlxalq lisenziya/akkreditasiya icazəsinin olması
  • Təlimi keçən şəxsin (təlimçinin) müvafiq təlimi keçməsinin səriştəliyini sübut edən sənədin olması
  • Təlim-tədris proqramındakı nəzəriyyə-praktika balansı
  • Praktiki təcrübə tələb edən təlimlər üçün maddi-texniki bazasının (poliqonun) olması (bura həm ərazi və həm də müvafiq avadanlıqlar daxildir).
  • Təlim şirkətinin ərazisinin təhlükəsizlik və sanitariya qaydalarına uyğun olması (bura daxildir: işiqlandırma, yanğın çıxışları, ilk yardım çantası, toplanma məntəqəsinin olması)

Əslində, ideal vəziyyətdə akkreditasiya/lisenziyanın mövcud olması təlim şirkətinin digər keyfiyyət tələblərinin yerinə yetirdiyinin təsdiqi olmalıdır. Xüsusilə söhbət beynəlxalq akkreditasiya qurumlarından gedirsə, təlim-tədris müəssisəsi akkreditasiya alınması üçün çox ciddi yoxlama və monitorinq prosesindən keçməlidir. Bu proses zamanı müəssisənin həm maddi-texniki bazası, həm də təlim-tədris heyətinin beynəlxalq standardlara uyğun olması yoxlanılır, uğurlu yoxlanma nəticəsində müəssisə akkreditasiya əldə edir. Lakin bu proses birdəfəlik deyil, akkreditasiya qurumları periodik olaraq yoxlamalar təşkil edərək müəssisənin daim qaydalara uyğun çalışdığına əmin olurlar. Hər hansı bir səhlənkarlıq akkreditasiyanın itirilməsinə gətirib çıxara bilir.

Əlbəttə, ideal vəziyyət mümkün deyil, ona görə də akkreditasiya ilə yanaşı, fərdin özünün də təlim şirkətini araşdırması və ya tanış olması gələcəkdə mümkün yanlış seçimlərin qarşısını alacaqdır. Əgər maddi-texniki baza və təhlükəsizlik şərtlərini yoxlamaq nisbətən asandırsa, təlimçilərin səriştəsini müəyyənləşdirmək bir qədər çətinlik yaradır. Səriştəli təlimçinin aşağıdakı xüsusiyyətlərə malik olması gözlənilir:

  • Mövzu üzrə nəzəri bilikləri təsdiq edən sənəd (Diplom, sertifikat və s.)
  • Mövzu üzrə praktik bilikləri təsdiq edən iş təcrübəsi
  • Pedaqoji yararlılığı təsdiq edən sənəd (Beynəlxalq təlimlər üçün Train the trainer sertifikatı)

Bütün bunların mövcud olması sizdə təlimçinin səriştəsi ilə bağlı əminlik yaranmasına kömək olacaqdır.

Nəhayət, təlim-tədris prosesinin strukturu ilə tanış olmaq sizdə bu təlimin sizə praktikada istifadə edə biləcəyiniz qədər nəzəriyyə və ya nəzəriyyəni tətbiq edəcəyiniz qədər praktika verəcəyi haqda bir təsəvvür formalaşdıracaq.

Mərhələ 3 Qiymət

Əlbəttə, nəzərə almaq lazımdır ki, keyfiyyətli təlim-tədris heç də ucuz başa gəlmir. Buna görə də, təlim-tədris müəssisəsi seçimində son olaraq nəzərə alınmalı olan qiymət bəzən ilk olaraq nəzərə alınır. Ancaq bunu da xatırlatmaq istərdik ki, söhbət təhsildən gedirsə, “ucuz və keyfiyyətli” hər zaman mümkün olmur, məşhur atalar sözündə deyildiyi kimi, “Ucuz ətin şorbası olmaz”.

Sırf sərfəli qiymət kriteriyasına görə seçilən bir şirkət/müəssisə sizi hədəflədiyiniz nəticəyə doğru yoldan sapdıracaq və puldan əlavə vaxt itikisinə də səbəb olacaqdır.