Xroniki narahatlıq anlayışı ilkin olaraq xoşagəlməyən tibbi diaqnoz kimi başa düşülə bilər. Reallıqda isə bu yüksək təhlükəli sənaye sahələrində uğurlu nəticələr əldə etmək üçün istifadə olunan bir yanaşmadır.
Dünyada bəzi etibarlı təşkilatlar uğurlu təcrübələrinə güvənərək heç bir qəzaya yol vermədən təhlükəsiz əməliyyatlar yerinə yetirmə düşüncəsindədirlər.
Neft dağılmaları, iri miqyaslı yanğınlar və partlayışlar kimi baş verə biləcək ağır qəzalardan necə yayınmaq olar? Riskləri hansı yollar ilə minimallaşdıra bilərik? Ehtiyatımızı necə əldən verməyək?
Bu məqamda arxayınlığa son qoymaq üçün ehtiyatlılıq ilə bağlı mövzu ortaya çıxır. Ehtiyatlılıq bir düşüncə tərzidir, eyni zamanda iş prosesinin planlaşdırılması və risklərin aradan qaldırılmasında böyük əhəmiyyətə malikdir. Xroniki narahatlıq aydın olmayan məlumatlarla işləyən menecerlərə qərar qəbul edərkən dəstək olur.
Gündəlik qərarlar qəbul edərkən nadirən lazımi məlumatlar mövcud olur. Bəzən, qeyri-müəyyən məlumatlarla qarşılaşdığımız üçün ehtimallara güvənə bilirik. Təhlükəsiz idarəetmə zamanı qeyri-müəyyən məlumatların olması kritik nəticələrə gətirib çıxara bilər. Fəaliyyət zamanı arxayınlıq, zəif siqnallara əhəmiyyət verməmək və risklərin normallaşdırılması iri miqyaslı bədbəxt hadisələrin baş verməsinə səbəb olur.
Təhlükəsizlik ilə bağlı hər hansı bir proseduranı və ya tədbirlər planını icra etmədən, heç bir qəzaya yol vermədən təhlükəsiz iş görə bilmə düşüncəsi aradan qaldırılmalıdır. İlk növbədə görülən, eşidilən və ya statistik göstəricilərə arxayın olunmamalı və hər zaman mümkün risk ehtimallarını qiymətləndirib tədbirlər planı hazırlanmalıdır.
İş yerlərində pozitiv yanaşma tərzindən uzaqlaşmaq və məsələyə realist baxmaq lazımdır. Səlahiyyətli şəxslər tutduğu vəzifədən asılı olmayaraq hər kəsin fikirlərini öyrənməli, anlaşılmayan məsələləri araşdırmalı və verəcəyi qərarı bu nəticəyə görə müəyyənləşdirməlidir.
İş sisteminin, nəzarət tədbirlərinin qaydasında olmasına baxmayaraq hər bir iş yerində ehtiyatlılıq ilə bağlı təhlükəsizlik mədəniyyəti yaradılmalıdır. Hər bir təşkilat planlaşdırdığı məsələlər ilə bağlı ətraflı araşdırma aparmalı, riskləri düzgün şəkildə qiymətləndirməlidir.