Ümumdünya Səhiyyə Təşkilatının fikirinə görə, gigiyena insanın sağlamlığı üçün ən böyük rollardan birini oynayır.
Gigiyena – insanların iş və həyat fəaliyyəti üçün optimal şəraitin yaradılması haqqında elmdir. O, ətraf mühit amillərinin insan sağlamlığına əlverişsiz təsirlərini aradan qaldırmaq, əlverişli təsirlərindən isə istifadə etmək üçün tədbirlər hazırlayır.
Gigiyena elm kimi sanitariyanın mövcud tələbləri əsasında inkişaf etmişdir. Sanitariya da elm sahəsi olub gigiyenanın tələbləri əsasında sağlamlıq tədbirlərini işləyib hazırlayır və onları praktiki cəhətdən həyata keçirir. Ona görə də sanitariya və gigiyena bir-biri ilə sıx vəhdətdə fəaliyyət göstərir. Bu özünü ərzaq məhsulları, iş yerlərinin şəraiti, əşya və avadanlıqların gigiyenik ekspertizası və onların falsifikasiya olunmasının qarşısının alınması üçün aparılan tədbirlər zamanı daha da təsdiqləmişdir.
Ventilyasiya, erqonomika, işıqlandırma və b. insan fəaliyyətinə birbaşa və dolayı yolla təsir göstərən amillər gigiyenanın ən çox diqqət ayırdığı mövzulardandır.
Sənayedə gigiyenik mühit yaratmaq üçün bu amillər mütləq nəzərə alınmalıdır. Xüsusilə, iş yerlərində gigiyenik havalandırma olmalı, süni işıqdan istifadə kontrol altında saxlanmalı, işçilərin sağlamlığını qorumaq üçün erqonomik əşyalardan istifadə edilməlidir.
Gigiyenanın işləyib hazırladığı normativlər və elmi cəhətdən əsaslandırılmış müddəalar sanitariya qanunvericiliyi vasitəsilə təcrübəyə tətbiq olunur və sanitariya təşkilatlarının işi bunlara əsaslanır.
Sanitariyanın çoxcəhətli işinə əsasən aşağıdakılar aiddir: dövlət sərhədlərinin sanitariya mühafizəsi; əhalinin və məişət şəraitinin sanitariya mühafizəsi; atmosfer havasının, su hövzələri və torpağın sanitariya mühafizəsi; yaşayış yerlərinin, sənaye müəssisələrinin, mədəni-məişət və müalicə-profilaktika müəssisələrinin abadlaşdırılmasında və tikilməsində sanitariya normaları və qaydalarını təmin etmək; yeyinti məhsullarının sanitariya mühafizəsi və ictimai iaşənin sanitariya vəziyyətini təmin etmək; infeksion və kütləvi xəstəlikləri
və b. xəstəlikləri aradan qaldırmaq və qarşısını almaq üçün tədbirlər keçirmək.
Gigiyena qaydaları bir neçə məqamda nəzərə alınmalıdır: əşyalar quru və təmiz yerdə saxlanılmalı; məişət texnikalarından düzgün istifadə edilməli (məsələn, otağın temperaturu 18-22 dərəcədə olmalıdır. Bu aralıqda olan temperaturda insan özünü daha rahat hiss edir); çox istifadə olunan əşyalar vaxtaşırı təmizlənməli (mikrobların əksəriyyəti ümumi istifadə olunan əl-üz yuyanlarda və onların kranlarında, ümumi istifadə olunan duş kabinələrində, liftin düymələrində, qapıların dəstəyində, ofislərdə və internet klublarda olan kompüterlərin siçanında toplanır).
Buna görə də iş yerlərində gigiyenanın nəzarətdə saxlanılması xəstəliklərin qarşısının alınmasında bilavasitə rol oynayır.