Statistika göstərir ki, suda boğulma halları ən çox insan ölümünə səbəb olan hadisələr sırasındadır. Bunun da əsas səbəblərindən biri dənizə girənlərin laqeyd davranışlarıdır. Belə ki, insanların küləkli havalarda, nəzarətsiz və qadağan olunmuş yerlərdə suya girməsi bədbəxt hadisələrə gətirib çıxaırır. FHN-nin məlumatına əsasən hər il yüzə yaxın insan sularda baş verən belə hadisələrin qurbanına çevrilir. Onların əksəriyyəti isə üzməyi bacaran insanlardır.
Çimərliklərin ətrafında məlumatlandırıcı lövhələr yerləşdirilməsinə baxmayaraq, bu tədbirlər hələ də kifayət etmir. İnsan həyatının qorunması üçün çimərliklərdə təlim keçmiş xilasedicilər olması tələbi ortaya çıxır. Çünki çox hallarda xilasedicilərin də suda batma təhlükəsi ilə üz-üzə qaldığının şahidi oluruq.
Son dövrlərdə bu məsələ ilə bağlı bir sıra müəssisələr artıq qabaqlayıcı tədbirlər görməyə başlayıb. Dənizdə nəzarətin gücləndirilməsi üçün peşəkar xilasedicilər, su hövzələrinin hər yaş qrupuna görə düzgün idarə olunması bədbəxt hadisələrin azalmasına kömək edə bilir. Amma bu mövzuda ən böyük məsuliyyət yenə xilasedicilərin üzərinə düşür. Çünki boğulma təhlükəsi yaranan zaman ətrafdakı insanların müdaxiləsi daha böyük problemlərə yol aça bilər. Bu zaman peşəkar xilasedici hadisəni nəzarət altına alaraq ilk yardım göstərə və insan həyatını xilas edə bilməlidir.