Hər bir layihəni həyata keçirərkən dörd əsas element nəzərə alınır; ərazi, işçi qüvvəsi, avadanlıq və fəaliyyətin növü. Bunlardan ən çox qəzalara səbəb olan element avadanlıqlardır.
Avadanlıqlar vaxtında və düzgün yoxlanılmadıqda və ya nəzarət olunmadıqda ciddi təhlükələrə yol açır ki, bunlara da ekoloji çirklənmələr, insanların həyatlarını itirməsi və şirkətlərin böyük həcmli maddi zərər çəkmələri misal ola bilər.
Sənayedə istifadə olunan mürəkkəb və bahalı qurğuların təhlükəsizliyinə, fasiləsiz iş fəaliyyətinə, davamlılığına olan tələblərin əsasında texniki diaqnostika; sınaqlar, vaxtaşırı baxış və qabaqlayıcı təmirlər durur.
Təhlükəsizlik səviyyəsi avadanlığın istismar rejimi və şəraiti, onun texniki vəziyyəti ilə bağlıdır. Texniki diaqnostika sənayedə təhlükəsizliyin idarə olunması üçün əsas elementlərindən biridir.
Təhlükəli istehsalla məşğul olan müəssisələr texniki qurğuların, avadanlıqların və tikintilərin istehsalçının və qanunvericiliyin tələblərinə uyğun şəkildə diaqnostikasının keçirilməsinə məsuliyyət daşıyır.
Texniki diaqnostika informasiyanın alınması və dəyərləndirilməsi kimi geniş həcmli məsələləri əhatə edir. Diaqnostika üsullarının və texniki vasitələrinin köməyi ilə bütün sənaye sahələrində işlənən avadanlıq, boru kəmərləri və neft anbarı, elektrik avadanlıqları, yükqaldırma avadanlıqlarının texniki vəziyyətini müəyyən etmək mümükündür.
Texniki diaqnostikanın məqsədi yoxlanılan avadanlığın sonrakı istismar parametrlərinin, iş şəraitinin nəzərə alınması, insan həyatının qorunmasının, sənaye və ekoloji təhlükəsizliyin təmin olunmasıdır.
Mürəkkəb sistemlər və avadanlıqlar üçün qüsur və uyğunsuzluqların aşkar edilməsi, onların səbəbləri və buna əsasən avadanlığın texniki vəziyyətinin müəyyən olunması təhlükəli istehsal obyektlərinin istismarı zamanı sənaye təhlükəsizliyinin normalar çərçivəsində saxlanmasına imkan yaradır.
Texniki diaqnostika qüsurların ilkin aşkarlanmasında avadanlığın qəflətən sıradan çıxmasının qarşısını alır, sənaydə istehsalın etibarlılığını, effektivliyini və təhlükəsizliyini artırır. Həmçinin faktiki texniki vəziyyətə görə mürəkkəb texniki sistemlərin fasiləsiz istismarını təmin edir.